İsrail Qəzzada Həmas liderinin evini vurub

15:48 16 Noyabr 2023

Beynəlxalq agentliklərin son məlumatına görə, İsrail döyüş təyyarələri HƏMAS lideri İsmayıl Haniyənin Qəzzada yerləşən evini vurub.

Sitat.info xəbər verir ki, hücum zamanı Haniyənin Qəzza zolağından kənarda olduğu bildirilib.

İsrail gecə saatlarında HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Qəzza zolağındakı evinə hava zərbəsi endirib. Bu barədə İsrail ordusu məlumat yayıb.

Hücum anının görüntülərinin də paylaşıldığı açıqlamada sözügedən evin bəzən “Həmasın yüksək səviyyəli şəxsləri üçün görüş yeri” kimi istifadə edildiyi iddia edilib.

İsrail ordusundan verilən açıqlamada, “Döyüş təyyarələri gecə saatlarında HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin iqamətgahını vurub. Sözügedən iqamətgah HƏMAS-ın yüksək rütbəli liderlərinin İsrailə qarşı hücumlarını yönləndirdiyi görüş yeri kimi istifadə edilib”, - məlumatda deyilir.

Yerli mənbələr hücum zamanı Haniyənin Qəzza zolağından kənarda olduğunu bildirib.

İsmayıl Haniyə kimdir?

İsmayıl Haniyə 1963-cü ildə Qəzza zolağındakı Elşati qaçqın düşərgəsində anadan olub. Ailəsi 1948-ci ildə Ərəb-İsrail müharibələri zamanı qaçqın düşüb. O, 2006-cı ilin fevralında Fələstin Milli Administrasiyasının baş naziri vəzifəsinə başlayıb və 2014-cü ilin iyununda vəzifəsindən azad edilib. O, 2017-ci ildən HƏMAS-ın Siyasi Bürosunun rəhbəridir.

Nərgiz,

Sitat.info



Xəbər xətti