Rusiya maliyyə nazirinin keçmiş müavini axtarışa verildi

09:45 18 Noyabr 2023

Rusiya Federasiyası maliyyə nazirinin keçmiş müavini və Mərkəzi Bank sədrinin birinci müavini Sergey Aleksaşenko cinayət maddəsi ilə axtarışa verilib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında bildirilir.

“Sergey Vladimiroviç Aleksaşenko Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumatda qeyd olunur.

Aleksaşenkonun konkret hansı maddə üzrə axtarıldığı açıqlanmır.

Qeyd edək ki, Rusiya Federasiyasının daxili işlərinə xarici dövlətlərin müdaxiləsi faktlarının araşdırılması üzrə Dövlət Dumasının Komissiyasının rəhbəri Vasili Piskarev noyabrın 16-da ölkədə xarici agent kimi tanınan iqtisadçılar Sergey Quriyev və Sergey Aleksaşenkonun anti-Rusiya fəaliyyəti ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Onun sözlərinə görə, həmin şəxslərin hərəkətlərinə cinayət əlamətləri, o cümlədən dövlətə xəyanət kimi baxıla bilər.

Daha əvvəl Piskarev, Stenford Universitetinin işçi qrupunda təmsil olunan Alexaşenkonun "ABŞ-a Rusiyaya getdikcə daha çox sanksiya tətbiq edilməsinə fəal kömək və dəstək verən" fəaliyyətinə Rusiya Cinayət Məcəlləsinin 284.2 (Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə çağırışlar) və 275-ci (dövlətə xəyanət) maddələri üzrə baxıla biləcəyini deyib.



Xəbər xətti