İsrail Qəzza zolağında yaşayış məntəqələrinə hücumlarını davam etdirir.
Sitat.info xəbər verir ki, bu gün müxtəlif nöqtələrdə həyata keçirilən hücumlarda 30 nəfər həyatını itirib.
İsrailin blokada altındakı Qəzza zolağına hücumları 45 gündür ki, davam edir. İsrail ordusunun dünən yenidən yaşayış məntəqələrini hədəf alması nəticəsində onlarla mülki vətəndaş həyatını itirib, çoxlu sayda ev dağılıb.
Qəzza zolağının mərkəzindəki Nuseyrat Qaçqınlar Düşərgəsində Dərviş ailəsinə məxsus evə edilən hücumda 8 nəfər həyatını itirib, dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
İsrail döyüş təyyarələrinin düşərgədəki Muhaymar ailəsinin evinə təşkil etdiyi hücumda 14 nəfərin öldüyü, çox sayda insanın yaralandığı qeyd edilib.
İsrail Qəzza zolağının Deyr əl-Bələh şəhərində Salehə ailəsinin yaşadığı evi də hədəf alıb. Hücumda 8 fələstinlinin həyatını itirdiyi, 15 nəfərin dağıntılar altında qaldığı və axtarış işlərinin davam etdiyi öyrənilib.
İsrail ordusunun səhər saatlarında Deyr əl-Balah şəhərindəki Məğazi Qaçqınlar Düşərgəsindəki evi hədəf alması nəticəsində onlarla insan yaralanıb, hadisə yerində böyük dağıntılar baş verib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 5 min 500-ü uşaq olmaqla 13 minə yüksəlib.
Nərgiz,
Sitat.info