Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynaya dəstəyinə inandıqlarını və Birləşmiş Ştatların onların tərəfində olmasından qürur duyduqlarını bildirib.
Sitat.info xəbər verir ki, Ukrayna prezidentinin ofisindən verilən açıqlamaya görə, Zelenski danışıqlar üçün Ukraynanın paytaxtı Kiyevə gələn ABŞ-ın müdafiə naziri Lloyd James Ostin ilə görüşüb. Görüşdə ABŞ Ordusunun Avropadakı komandanı və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli də iştirak edib.
Zelenski çıxışında Ukraynaya güclü dəstəyə görə ABŞ administrasiyasına və xalqına təşəkkür edib: "Prezident Co Baydenə son dərəcə minnətdarıq. ABŞ-ın bizim tərəfimizdə olması bizim üçün çox vacibdir. Dəstəyinizə görə inanırıq. Sizin yanımızda olmağınızdan qürur duyuruq”.
Zelenski, bu görüşün Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirməli olduğunu vurğulayıb. O, nazir Ostinə və nümayəndə heyətinin üzvlərinə cəbhə xəttindəki vəziyyət, strateji hədəflər və Ukrayna ordusunun prioritet ehtiyacları barədə ətraflı məlumat verib və müttəfiqlər tərəfindən bütün lazımi silah və sursatların fasiləsiz təchizatının davam etdirilməli olduğunu vurğulayıb.
Prezident Zelenskinin qış dövrünə qədər Ukraynanın imkanlarının gücləndirilməli olduğuna işarə etdiyi görüşdə Qara dənizdə naviqasiya azadlığı və alternativ taxıl dəhlizinin funksionallığının təmin edilməsi məsələləri müzakirə olunub.
Zelenski, "Qara dənizdə nəzarətin qurulması və alternativ humanitar marşrutun fəaliyyətində irəliləyiş əldə etməyimiz çox vacibdir. Bu, Ukrayna üçün qlobal təhlükəsizlik qarantıdır".
Nazir Ostin sosial media hesabında verdiyi açıqlamada ABŞ-ın Ukraynaya qətiyyətli dəstəyini bir daha təsdiqləmək üçün bu gün Kiyevdə prezident Zelenski ilə görüşməkdən şərəf duyduğunu bildirib: “Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə təcili tədbirlər görməyə sadiqik. Ukraynanın döyüş meydanında hərəkəti zamanı ehtiyacların və uzunmüddətli müdafiə tələblərinin ödənilməsinə dəstək verməyə davam edəcəyik".
Məğrur Salmanov,
Sitat.info