"İsrailin kollektiv cəzaya çevrilən hücumlarını əsla qəbul etmirik!" - Ərdoğan

22:33 21 Noyabr 2023

Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə görüşdən sonra  birgə açıqlama verib.

Sitat.info xəbər verir ki, Prezident Ərdoğan çıxışında çox sərt ifadələr səsləndirib. 

O bildirib ki, İsrailin kollektiv cəzaya çevrilən və müharibə cinayəti təşkil edən hücumlarını heç bir şəkildə qəbul etmir. 
“Girovların qaytarılması ilə bağlı danışıqlar davam edir. Həm mənim xarici işlər nazirim, həm də Milli Kəşfiyyat Təşkilatının direktoru Qətərlə birgə işi davam etdirirlər. Ümidimiz odur ki, bu girovların mübadiləsində ən qısa zamanda nəticə əldə edək. Biz davamlı danışıqlar aparırıq və gözləntilərimiz buradan müsbət nəticə əldə etməkdir".

Prezident Ərdoğan həmkarı Tebbun ilə İsrail-Fələstin məsələsini də müzakirə etdiyini, daimi atəşkəs və Qəzzaya humanitar yardımın maneəsiz çatdırılması əsas prioritet olduğunu bildirib.

“Qardaşımla Fələstində baş verən humanitar faciəni də danışdıq. Əlcəzair Fələstin davasına ən güclü və ən səmimi dəstək verən ölkələr sırasındadır. Biz Əlcəzairin Fələstin məsələsində hər iki ölkənin vicdan aynasında öz əksini tapan qətiyyətli mövqeyini yüksək qiymətləndiririk. Biz heç bir şəkildə İsrailin kollektiv cəzaya çevrilən və müharibə cinayəti təşkil edən hücumlarını qəbul etmirik. Xəstəxanaları, ibadət yerlərini, məktəbləri, hər şəraitdə qorunmalı olan yerləri hədəfə almaq, insanları köçə məcbur etmək vicdansızlıq və barbarlıqdır. Bizim prioritetimiz Qəzzada daimi atəşkəsin yaradılması və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasıdır. Bununla bağlı mətbuatda əksini tapan xəbərləri də izləyirik. Biz də prosesə lazımi töhfəni təklif edirik. Fələstin məsələsinin ədalətli siyasi həllinə nail olmadan bölgəmizdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması indi qaçılmazdır. Biz bu istiqamətdə əlimizdən gələni etməyə davam edəcəyik. İsrail və Fələstinin razılaşacağı ədalətli sülhün həyata keçirilməsində bölgə ölkələri ilə birlikdə qarant kimi məsuliyyəti öz üzərimizə götürməyə hazır olduğumuzu açıqladıq".

Məğrur,

Sitat.info



Xəbər xətti