İran prezidenti: "İsrailin kimyəvi silahdan istifadəsi araşdırılmalıdır"

22:38 21 Noyabr 2023

İran prezidenti İbrahim Rəisi İsrailin Qəzzada istifadə etdiyi qadağan olunmuş silahları araşdırmaq üçün xüsusi Beynəlxalq Missiya yaradılması ilə bağlı çağırış edib. 

Sitat.info xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Rəisi BRİCS liderləri və BRİCS üzvlüyünə dəvət olunmuş ölkələrin liderlərinin iştirak etdiyi fövqəladə onlayn sammitdə Qəzzadakı vəziyyətlə bağlı çıxış edib.

Qəzzanı Qərbin mənəvi çöküşünün simvolu kimi xarakterizə edən Rəisi bu sözləri deyib: “Bu gün bütün dünya, Qəzzada Fələstin xalqına qarşı törədilən misli görünməmiş zorakılıq və cinayətin şahidi olaraq bir araya gəldik. Bu günlərdə Qəzzada baş verənlər Qərbin beynəlxalq sisteminin ədalətsizliyini açıq şəkildə ortaya qoyur. Qəzza məsələsi insanlıq və ədalət məsələsidir”. 

Rəisi iddia edib ki, İsrail və onun tərəfdarları təkcə insanlığı, əxlaqı və qanunu tapdalamır, həm də dezinformasiyalar verməklə dünya ictimai rəyini çaşdırmağa çalışırlar.

Rəisi, BRİKS üzvləri və hökumətlərini dünyada təhlükəsizliyin və ədalətin təmin edilməsi üçün bütün siyasi və iqtisadi güclərindən istifadə edərək İsrail və onun qərbli tərəfdarlarına təzyiq göstərməyə və mübarizə aparmağa çağırıb. Rəisi İsrailə silah və hərbi sursat göndərən ABŞ, İngiltərə, Almaniya və Fransanın atəşkəsin yaradılmasına mane olduğunu, ABŞ-ın Qəzzaya yardım yollarını bağladığını və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) iflic vəziyyətinə saldığını bildirib.

“İsrail regional və beynəlxalq sülhə, təhlükəsizliyə təhdiddir”
"İsrail rəsmilərinin “uşaqları qanuni hədəf” kimi təyin etməsi və Qəzzaya nüvə hücumu variantı ilə bağlı çıxışları yolverilməzdir. Hər cür kimyəvi kütləvi qırğın silahları və atom bombaları ilə silahlanmış bir rejim, şübhəsiz ki, regional və beynəlxalq sülh və təhlükəsizlik üçün təhdiddir" -deyə Rəisi əlavə edib. 

İsrailin xəstəxanalara, sağlamlıq mərkəzlərinə və dini məkanlara davamlı hücumlarına diqqət çəkən Rəisi, qadınların, uşaqların, həkimlərin, tibb bacılarının və jurnalistlərin öldürülməsinin "terror aktı" olduğunu və buna görə də İsrailin "terror rejimi" olaraq təyin edildiyini və onun Ordusunun "terror təşkilatı" kimi tanınmaasının vacib olduğunu müdafiə etdi.

  Rəisi, ABŞ-ın, eləcə də İsrailin "insanlığa qarşı cinayətlər və uşaq öldürmə cinayətləri" ilə beynəlxalq məhkəmələrdə mühakimə olunmasının vacibliyini bildirib.

Ayna,

Sitat.info

 



Xəbər xətti