İsrail və HƏMAS müvəqqəti atəşkəs və girov mübadiləsinin nə vaxt başlayacağını açıqlayarkən dünyanın diqqəti 47 gündür bombardman edilən Qəzzaya yönəlib.
Sitat.info xəbər verir ki, gecə yarısından etibarən İsrail döyüş təyyarələri şimaldakı Cibaliyədən Qəzza zolağının mərkəzi hissəsindəki Beyt Lahiyaya və cənubda Rəfaha qədər bir çox məntəqələri vurub.
Qəzza zolağının cənubundakı Xan Yunisdə isə İsrailin bombardmanları nəticəsində həyatını itirənlər kütləvi məzarlıqda basdırılır.
Beynəlxalq xəbər agentliyi AFP, İsrail hücumları nəticəsində həlak olanların Xan Yunisdəki kütləvi məzarlıqda mavi cəsəd torbaları ilə dəfn olunduğunu əks etdirən fotolar yayımlayıb.
"Al Jazeera Arabic"-dən Vael Dahduh kütləvi məzarlıqda 100-dən çox fələstinlinin dəfn edildiyini bildirib.
Əl-Cəzirə müxbirinin verdiyi məlumata görə, cəsədlər Qəzzanın şimalında İsrail işğalçı qüvvələrinin basqın etdiyi Şifa xəstəxanası və Beyt Hanun xəstəxanasında saxlanılan şəxslərə məxsusdur.
Nərgiz,
Sitat.info