Çermet körpüsündə xaosa davam: qoşa xətlər silindi

17:15 7 Aprel 2022

Ziya Bünyadov prospekti, keçmiş Çermet körpüsünün başlanğıcındakı yolda (20 Yanvar istiqaməti) sağ zolaqlarla gəlib, növbə gözləmədən sola keçən sürücülər ciddi problem yaradırdılar. Bu səbəbdən həmin yola 2021-ci ilin may ayından etibarən qayda pozanları qeydə alan kamera quraşdırılmış və qoşa xətt çəkilmişdi.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu gündən etibarən həmin qoşa xətt qırıq xətlə əvəz edilib. Nəticədə avtomobillər əvvəllər olduğu kimi qayda pozuntusuna yol verir, böyük tıxac yaradırlar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, həmin ərazidə bu günlərdə qurumun sifarişi əsasında hər hansı yol nişanı işləri görülməyib.

O həmçinin qeyd edib ki, 4 və daha çox yollarda qoşa xətt nişanlanması əks istiqamətli nəqliyyat axınının ayrılması üçün nəzərdə tutulub:

“Qeyd edilən hissədə isə əks istiqamətli hərəkət olmadığından qoşa xətt nişanlanmasının olması standarta uyğun deyil. Körpüyə qalxan hissədə kamera quraşdırılan zaman da ərazidə standarta uyğun xətlənmə işləri görülüb”.

M.Ağayevin sözlərindən belə çıxır ki, bir ildir yol “standarta uyğun olmadan” qoşa xətlə xətlənibmiş. Maraqlıdır, indi qırıq-qırıq xətlə sağ və sol zolaqlardan keçidlərə imkan tanımaqla qurum nəyə nail olmaq istəyir?



Xəbər xətti