Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bu ölkədə səfərdə olan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş Direksiyası və Qonşuluq və Genişlənmə üzrə danışıqlar, Miqrasiya və Daxili İşlər, Araşdırma və İnnovasiyalar, Beynəlxalq Tərəfdaşlıq üzrə Avropa Komissiyasının nümayəndə heyəti ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Görüş zamanı Ermənistan-Avropa Birliyi tərəfdaşlığı gündəliyinin geniş spektri, o cümlədən Ermənistan-Avropa Birliyi hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrası, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və mövcud potensialın reallaşdırılması imkanları ətrafında müzakirələr aparılıb.
Ovannisyan Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti, İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması və regional kommunikasiyaların açılması istiqamətində atılan addımlar, eləcə də AB-nin Ermənistandakı monitorinq missiyasının əhəmiyyəti barədə danışıb.
Qeyd edək ki, AB nümayəndə heyəti ötən gündən İrəvandadır.