Əliyevin Blinkenə şərti: ABŞ yanlış mövqedən çəkilir

09:00 29 Noyabr 2023

Düşünürəm ki, ABŞ Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Bunun isə bir neçə səbəbi var. Əsas səbəb odur ki, ABŞ həm Qafqazda, həm də Mərkəzi Asiyada güclənmək fikrindədir.

Sitat.info xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Turab Rzayev ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngindəki diqqət çəkən məqamları şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Azərbaycansız regionda möhkəmlənmək qeyri-mümkündür:

“Amerika Cənubi Qafqazda Rusiyaya qarşı təsir dairəsini artırmaq fikrindədir. Odur ki, son vaxtlar bu istiqamətdə aktiv fəaliyyətə keçib. Cənubi Qafqazın ən böyük ölkəsi isə Azərbaycandır. Azərbaycan olmadan Qafqazda möhkəmlənməyin çətin olacağını anlamağa məcburdurlar. Bu səbəbdən Vaşinqton Bakı ilə əlaqələri bərpa etməyə meyillidir”.

T.Rzayevin fikrincə, yüksək rütbəli ABŞ nümayəndələri, adətən, ciddi təkliflərlə gəlir:

“Amerika bu şəxslərin vasitəsilə Azərbaycanla xüsusi əhəmiyyətli məsələlərdə çox ciddi müzakirələr aparılmasını istəyir. Bakı da bunun qarşılığında Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağanın aradan qaldırılması şərtini qoyub. Vaşinqton Azərbaycan rəsmilərinin ABŞ-a səfərinə icazə vermirdi. Bu da istər- istəməz Bakının haqlı narazılığına səbəb olmuşdu. Görünür, Blinkenin Qafqazla bağlı planları o qədər ciddidir ki, şərtlərimizi qəbul edir. ABŞ-ın artıq Bakıya qarşı yanlış mövqedən çəkinmə istəyi açıq-aşkar ortadadır. İndi bu, iki ölkə arasındakı münasibətlərin normallaşmasına səbəb olacaq, ya yox, bunu Obrayenin səfəri və həmin səfərdən sonrakı nəticələr göstərəcək”.

Politoloq telefon danışığında sülhlə bağlı müzakirlər aparıldığına da diqqət çəkib:

“ABŞ Qafqazda sülh arzusundadır. Bunun tez, hətta qısa bir zamanda olmasını istəyir. Vaşinqton hesab edir ki, əgər Qafqazda sülh olarsa, Ermənistanda möhkəmlənər, Rusiyanın bölgədən çıxarılmasına nail ola bilər. Ona görə də sülh müqaviləsinin tezliklə bağlanmasını arzulayır”.



Xəbər xətti