FHN-in hərbi hissələrində xüsusi təlimlər keçirildi

17:49 29 Noyabr 2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin 2023-cü il üçün hazırlıq planlarına uyğun olaraq taktiki-xüsusi təlimlər keçirilib.

Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimlərin keçirilməsində məqsəd komandir-rəis heyətinin qərarların qəbulu, bölmələrin düzgün idarə olunması, qəza-xilasetmə işlərinin təşkili üzrə, eləcə də şəxsi heyətin xilasetmə sahəsində bilik və bacarığının, praktiki vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim planına əsasən, şəxsi heyət və texnikanın müvafiq hazırlıq dərəcələrinə gətirilməsi, şərti fövqəladə hadisə rayonuna yürüşünün keçirilməsi, “fövqəladə hadisə rayonunda” ümumi kəşfiyyat tədbirlərinin aparılması, zərərçəkmişlərin axtarışı, dağıntılar altından və yüksəklikdən xilas edilməsi, ilk yardımın göstərilməsi və təxliyəsi, kimyəvi zəhərlənmə və radioaktiv çirklənmə ocaqlarında fəaliyyət, yanğınların söndürülməsi, sanitar təmizləmə məntəqələrinin açılması, fövqəladə hadisə rayonundan təxliyə olunmuş əhalinin ilkin həyat fəaliyyətinin təminatı üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

Uğurla keçirilmiş təlimlərin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.



Xəbər xətti