2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılıb, Avropadan gələnlərin sayındakı artım davam edib. Belə ki, həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30.3 faiz artasa da, avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub.
Sitat.info xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, bu müddətdə 1 milyon 723 min əcnəbi Azərbaycana səfər edib:
“Körfəz ölkələrindən gələnlərin sayında isə azalma davam edib. 2023-cü ilin ilk 10 ayında ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb.
Ən çox artım 3 Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq, 692,6 min nəfərə çatıb”.
Ekspert turizmin enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu xatırladıb:
“Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yenilənməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiya dövlətləri ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”.