Məscidül-Əqsada cümə namazına məhdudiyyətlər davam edir

17:19 1 Dekabr 2023

İşğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsa ətrafında məhdudiyyətləri davam etdirən İsrail polisi bu həftə Əqsada cümə namazı qılmaq istəyən fələstinlilərin də qarşısını alıb.
Sitat.info xəbər verir ki, İsrail qüvvələri Məscidül-Əqsanın yerləşdiyi Qüdsün Köhnə Şəhər küçələrini dəmir baryerlərlə bağlayaraq səhər saatlarından etibarən fələstinli gənclərin, hətta bəzən yaşlı fələstinlilərin də əl-Əqsaya daxil olmasına icazə verməyib.

Normalda cümə günləri 100-150 min nəfərin növbəyə düzüldüyü Məscidül-Əqsada oktyabrın 7-dən bu yana 7 həftədir qarşıdurma vəziyyəti təkrarlanıb. İsrailin mane olması səbəbindən orada yalnız 3500-ə yaxın müsəlman namaz qıla bilib.
İsrail qüvvələri keçid məntəqələrində şəxsiyyət yoxlaması apararaq çoxlu sayda fələstinlini geri göndərib.

İsrail qüvvələri vaxtaşırı müdaxilə edərək, Məscidül-Əqsaya daxil olmaq istəyən fələstinli gənclərə kobudluq edib. Ən azı bir fələstinlinin nəzarətə alındığı görülüb.
Cümə namazı üçün Əqsaya buraxılmayan fələstinlilər namazlarını Hərəmi-Şərif ətrafında qılıblar.

Yüzlərlə fələstinli Əl-Əqsa məscidinə baxan Ra əl-Amud rayonunda məscidin ətrafında və səkilərdə növbəyə düzülüb.

İsrail qüvvələri Məscidül-Əqsa yaxınlığındakı Vadi əl-Cəuz məhəlləsində namaz qılmaq istəyən fələstinli gənclərə üfunətli su ilə yanaşı gözyaşardıcı qazla müdaxilə edib.

Ayna,

Sitat.info



Xəbər xətti