Netanhayu hərbi cinayətkar kimi mühakimə olunacaq - Ərdoğan

19:01 4 Dekabr 2023

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun son nəticədə hərbi cinayətkar kimi mühakimə olunacağını bildirib, eyni zamanda Qərb ölkələrinin İsraili dəstəkləməsini tənqid edib.

Sitat.info xəbər verir ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) komitəsinin iclasında çıxış edən Ərdoğan deyib ki, İsraili dəstəkləyən Qərb dövlətləri  “körpələrin qətlində qeyd-şərtsiz dəstək verir” və onun cinayətlərində şərikdir.

Ərdoğan, soyqırım, insanlığa qarşı cinayət və müharibədə mühakimə olunan keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviçə toxunaraq, “İndi Qəzzanın cəlladı olan Netanyahu, Miloşeviçin mühakimə olunduğu kimi Haaqa tribunalında Qəzzanın cəlladı kimi mühakimə olunacaq” - deyib.

Qeyd edək ki, əksər Qərb müttəfiqlərindən və bəzi Körfəz ölkələrindən fərqli olaraq, NATO üzvü olan Türkiyə HƏMAS-a terror qruplaşması kimi baxmır və onun bəzi üzvlərinə ev sahibliyi edir.

“Biz bu çərçivədə BMT-nin İnsan Haqları Şurası və Beynəlxalq Cinayət Məhkəməsini (ICC) mütləq qiymətləndirməliyik” -deyən Ərdoğan, BMT Təhlükəsizlik Şurasının daha əhatəli olması üçün islahatlara çağırıb.

Həmçinin BMT-nin Qəzza sınağından çıxa bilmədiyini qeyd edərək təcili islahatlara çağırıb və Baş katib Antonio Quterreşin səmimi səylərinin Təhlükəsizlik Şurasının üzvləri tərəfindən sabotaj edildiyini deyib.

Ərdoğan bildirib ki, bir quruluş bəşəriyyətə sülh və ümid gətirə bilməz”.

Nərgiz,

Sitat.info



Xəbər xətti