Azərbaycanın Ukraynaya hərbi yardım etməsi haqda məlumat açıq-aşkar yalan və böhtandır.
Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, bu saxta məlumatları Azərbaycana qarşı olan qüvvələr məqsədli şəkildə yayır:
“Orada Ukrayna bayrağı ilə çəkilən fotonun da saxta olduğu ilk baxışdan bilinir. Fotoda mərmilərin Azərbaycan istehsalı olması ilə bağlı fakt və ya Azərbaycanın hər hansı bir atributu yoxdur. Bu məqsədyönlü şəkildə Azərbaycanı gözdən salmaq üçün yayılan qərəzli məlumatdır”.
Hərbi ekspertin sözlərinə görə, heç bir mülki şəxs belə strateji obyektə buraxılmır və ya orada hər hansı foto çəkib yaymasına da icazə verilmir:
“Azərbaycanın müdafiə sənayesi müəssislərində çox ciddi məxfilik rejimi var. Ona görə də həmin müəssisələrə mülki geyimdə hər hansı şəxsi buraxıb orada foto çəkdirməsinə icazə verilmir. Bu fotonu yaymaqda məqsəd Rusiya ilə Azərbaycan arasında soyuqluq yaratmaqdır”.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da qeyd edib ki, Azərbaycan Ukraynaya heç vaxt hərbi yardım etməyib və etməyəcək:
“Azərbaycanın Rusiya ilə strateji müttəfiqliyi olduğu üçün Ukraynaya hərbi yardım etməsi mümkünsüzdür. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatına üzv və sədrlik edən ölkədir. Azərbaycanın Ukraynaya hərbi yardım etməsi onun siyasətinə, mövqeyinə və Qoşulmama Hərəkatının prinsip və qaydalarına ziddir.
Azərbaycan Ukraynaya humanitar yardımlar etdiyini heç zaman gizlətməyib. Lakin hərbi yardımdan söhbət belə gedə bilməz. İnanıram ki, bu tip yalanların yayılmasında ermənilərin əli var”.