Sitat.info xəbər verir ki, QHT sədri, internet-media ekspert Səbuhi Abbasov Mingəçevir şəhərində "Zəfər seyrəngahı"nın tikilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Müraciətin tam mətnini təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət
Möhtərəm cənab Prezident!
Bu il Sizin ölkəmizə rəhbərlik etməyinizin 20 ili tamam oldu. Eyni zamanda, bu il "Heydər Əliyev ili"dir. Bu il hər bir azərbaycanlının ürəyində, qəlbində dərin izlər buraxdı. Bu il bütövləşən Azərbaycanı görmək hər birimizin nəsibi oldu. Bunun memarı Sizsiniz! Bəli, Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevdir, Bütöv Azərbaycanın memarı isə Sizsiniz. Rəşadətli ordumuz, qüdrətli xalqımız Sizin rəhbərliyinizlə yeni reallıqlar yaratmış oldu. Bu reallıq bizim gələcəyimiz üçün aydın yol xəritəsidir.
Cənab Prezident!
29 Noyabr 2023-cü il tarixində, Zabitlər evində əllidən çox Mingəçevirdən olan Şəhid valideynlərinin iştirakı ilə olduqca mühüm tədbir keçirildi. Tədbirdə Şəhid valideynləri, yaxınları çıxış etdilər, övladlarının qəhrəmanlıqlarından danışdılar. Tədbirdə bir çox təkliflər, istəklər, arzular səsləndirildi. Çıxışım zamanı mühüm bir təkliflə bağlı fikirlərimi bölüşdüm və Sizə müraciət ünvanlamaq missiyası mənim üzərimə düşdü. Dünyanın ən gözəl şəhəri olan Mingəçevir digər bölgələrimiz kimi hər zaman Sizin diqqət və qağınızı hiss edibdir. Lakin şəhərimizdə 44 günlük müharibəni, Zəfərimizi simvolizə edən güşə, park, meydan yoxdur.
Cənab Prezident!
Şəhid ailələrinin, Qazilərin, şəhər ictimaiyyətinin arzusu budur ki, Mingəçevirdə "Zəfər seyrəngahı" yaradılsın. Həm şəhər əhalisi, həm də, turistlər üçün ən görkəmli yer Kür çayı sahilindəki zolaqdır. Hal-hazırda bu zolaqda qeyri-qanuni obyektlər fəaliyyət göstərir. Ay ərzində bu obyektlərdən bir başa Kür çayına tonlarla çirkab axıdılır. Kür çayının fauna və florası bərbad haldadır. Ölkənin az qala yetmiş faizini içməli su ilə təmin edən Kür çayı indi fəlakət astanasındadır. Bəzi sahibi bilinməyən insanların villaları isə Kür sahilinin əhalinin piyada gəzməsi üçün olan hissəsini insanların üzünə bağlayıbdır. "Zəfər seyrəngahı" üçün təklif olunan ərazi isə biədəb formada qeyri-qanuni inşa olunan dəmir konstruksiyalar olan ərazidir.
Cənab Prezident!
"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına rəhbər təyin edilməsi bu sahədə olduqca ciddi canlanmaya səbəb oldu. Mingəçevir şəhəri yenidən idman, turizm, ələxsus da avarçəkmə üzrə imicini özünə qaytardı. Hər il şəhərimizdə bu sahədə beynəlxalq yarışlar keçirilir. Bu məqamı vurğulamağımın müraciətimlə sıx bağlılığı vardır. Belə ki, Kür çayı üzərində tikilən, çirkabı çaya axıdılar, təhlükəli fəaliyyəti ilə tanınan qeyri-qanuni obyektlər, əslində, reqadanın ərazisidir. Bizim təklif etdiyimiz "Zəfər seyrəngahı" layihəsinin tikintisi avarçəkmə çempionatlarının finişində nəzərdə tutulub. Təxminən 30-50 sota yaxın ərazidə tikiləcək seyrangahda böyük meydan, fontanlar, Dəmir Yumruq simvolu və digital monitorun qurlaşdırılması təklif olunur. Monitorda 24 saat ərzində Sizin müraciətləriniz, eyni zamanda, Şəhidlərimiz haqqında qısa məlumatların təsviri nəzərdə tutulub. Beləliklə, Kür çayında keçiriləcək beynəlxalq yarışlarda iştirak edənlər, eyni zamanda, şəhərimizə gələn qonaqlar bu Seyrangahı ziyarət etməklə həm Mingəçevir igidlərini tanıyacaqlar, monitorda mühüm məlumatları görə biləcəklər.
Cənab Prezident!
Bu təklifli minlərlə mingəçevirlinin və Şəhid ailələrinin dilindən Sizə çatdırmağı özümə şərəf bilirəm. Gələn ilin fevral ayında Sizin möhtəşəm qələbənizdən sonra Mingəçevirə səfər edəcəyinizi və "Zəfər seyrəngahı"nın təməlini qoyacağınıza böyük ümidlər bəsləyirik.
Hörmətlə,
Səbuhi Abbasov
QHT sədri, internet-media ekspert,
Mingəçevir sakini