İlham Əliyevin liderliyi ilə Azərbaycan müstəqillik illərinin ən şanlı səhifəsini yazıb. Kimin nə deməsindən asılı olmayaraq, onun adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Amma Azərbaycanın üzləşdiyi çox böyük problemlər var. Onlardan ən böyüyü neft pulları hesabına abadlıq işləri görsək də, yollar çəkib infrastruktur layihələri həyata keçirsək də, məktəblər, səhiyyə obyektləri tikib bahalı idman yarışları, dəyəri 100 milyon dollarla ölçülən inzibati binalar tiksək də, güclü, şaxələndirilmiş, neftdən asılı olmayan, hökumətin nəzarət etmədiyi azad bazar iqtisadiyyatı, demokratik, qanunların aliliyinə əsaslanan dövlət idarəetməsi qura bilməməyimizdir.
Sitat.info xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev geniş müsahibəsində deyib.
O bildirib ki, bu problemlərin çoxu ona görə həllini tapmır ki, ölkədə hökumətin fəaliyyətinə nəzarət edə biləcək güclü müxalifət yoxdur:
“Biz Avropa və MDB məkanında tək ölkəyik ki, parlamentdə müxalifət fraksiyası, büdcəyə nəzarət komitəsi yoxdur. Müxalifət seçkiyə qatılmaqla qələbə uğrunda mübarizə aparmalı, səfərbər olunmalı, seçki kampaniyasının imkanlarından yararlanıb öz ideyalarını yaymalı, problemləri göstərib onun həllinə dair öz təkliflərini təqdim etməli, ən azı növbəti parlament seçkilərinə hazırlaşmalıdır. Siyasi partiya, şəraiti özü üçün nə qədər əlverişsiz saysa da, seçkiyə qatılmalıdır. Siyasət, mənim anlamımda mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir. Digər tərəfdən, seçkidə iştirak o demək deyil ki, sən seçkiyə hökmən öz namizədinlə qatılmalısan”.