Dehlinin İrəvana satmaq istədiyi “Akaş” nəyə qadirdir?

12:11 19 Dekabr 2023

Hindistanın Ermənistana verməyə hazırlaşdığı “Akaş” orta hündürlükdə (5-10 km) hava hücumundan müdafiə sistemi təyyarələrə, qanadlı və ballistik raketlərə qarşı nəzərdə tutulub.

Sitat.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Polkovnik “Akaş” sisteminin texniki xüsusiyyətlərindən və atəş imkanlarından bəhs edib:

“Sistemin atəş mənzili 45 km-ə qədərdir. Ancaq sistemin kəşfiyyat, eyni zamanda hücum PUA-larına qarşı döyüş qabiliyyəti tam bəlli deyil. “Akaş”ların batareyası bir müşahidə, yəni hədəfi təsbit və atəşə nəzarət radarından, komanda-qərargah mərkəzindən və işə salma sistemindən ibarətdir. Bir bataryada hərəsində üç raket olmaqla dörd başlatma qurğusu var. Ümumiyyətlə isə bir batareyanın 64 hədəfi izləmə, 12 hədəfə isə birbaşa müdaxilə imkanı mövcuddur. Hindistan Müdafiə Nazirliyi sözügedən sistemə olduqca güvənir. Belə ki, bu ay keçirilən təlimlərdən birində “Akaş” sistemi ilə eyni zamanda havaya buraxılan 4 hədəf 25 km məsafədən vurulub. Nazirlikdən verilən açıqlamada sistemin öz sinfində birinci yerdə olduğu qeyd edilib”.

Akyar Azərbaycanın da ata biləcəyi adekvat addımlardan danışıb:

“Azərbaycan belə həmlələrə qarşı artıq Türkiyə ilə birlikdə döyüş təyyarələrini və helikopterlərini modernləşdirib. Digər tərəfdən ASELSAN istehsalı olan aşağı və orta hündürlükdə hava hücumundan müdafiə üçün nəzərdə tutulan HİSAR-lardan istifadə edilə bilər. Fikrimcə, Azərbaycan dövləti bununla bağlı ardıcıl şəkildə müvafiq addımlar atır. Eyni zamanda Türkiyə kəşfiyyat və hücum PUA-larının həm Qarabağ, həm də Ukrayna müharibəsi zamanı oxşar sistemlərə qarşı qazandığı uğur gözardı edilməməlidir”.

Qeyd edək ki, Ermənistan və Hindistan arasında “Akaş” (Akash) orta mənzilli yer-hava HHM sisteminin alınması ilə bağlı danışıqlar aparılır.



Xəbər xətti