Hindistan-Pakistan qarşıdurması və Azərbaycanın haqlı şəkildə Pakistanın yanında olması Dehlinin İrəvanı kütləvi şəkildə silahlandırmasında əsas faktorlardan biridir.
Sitat.info xəbər verir ki, bu sözləri Axar.az-a Hindistanın Ermənistanı kütləvi şəkildə silahlandırmasının səbəbləri haqqında danışan professor Qabil Hüseynli deyib.
Professor bildirib ki, Hindistan bir çox silahı, artilleriya sistemini və s. Fransa şirkətləri ilə birgə istehsal edir:
“Yəni hazırda Hindistanı Ermənistana silah və hərbi texnika göndərməyə təhrik edən həm də Fransadır. Bununla yanaşı, ortada Zəngəzur dəhlizi məsələsi də var. Hindistan birmənalı şəkildə bu dəhlizə qarşıdır, çünki gələcəkdə türk dünyasının Avropaya çıxış əldə etməsini və Pakistana birbaşa quru əlaqəsinin yaranmasını istəmir. Səbəb isə odur ki, Dehli ABŞ-ın təklif etdiyi İMEC ticarət dəhlizi layihəsinə qoşulub. Layihə ilə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya ticarət dəhlizinin açılması planlaşdırılır. Əlbəttə, İMEC-in həyata keçirilməsi çox böyük vəsait, vaxt tələb edir. Ona görə də hələlik Zəngəzur dəhlizinə qarşı Ermənistan gücləndirilir”.
Qeyd edək ki, Hindistanın “Indian Defence Research Wing” portalı ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən Dehlinin İrəvana səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketlərini tədarük etmək istədiyini yazıb.
Bundan əlavə, bugünədək Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib, eyni zamanda 2022-ci ildə “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Bununla yanaşı, Ermənistana MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da göndəriləcək və HHM sistemlərinin istehsalı ilə məşğul olan “Zen Technologies” şirkəti orada özünə filial açmaq niyyətindədir. Ən son isə Hindistanın Ermənistana qiyməti 600 milyon dollar dəyərində olan “Akaş” kompleksini tədarük etməyə hazırlaşdığı bildirilib.