İlham Əliyev üç ölkə rəhbərinə məktub ünvanladı

10:46 25 Dekabr 2023

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisiyə təbrik məktubu ünvanlayıb.

Sitat.info məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Misir arasında ənənəvi dostluq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, dövlətlərarası əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”.

***

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

***

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Viola Amherdə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli xanım Amherd,

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Biz Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış əlaqələrə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur.

İnanıram ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də Sizə və dost xalqınıza ən səmimi təbriklərimi yetirir, İsveçrə Konfederasiyasına daim firavanlıq və rifah arzulayıram".



Xəbər xətti