Ağdamda iclas başladı: 9 məsələ müzakirə olunur

11:50 25 Dekabr 2023

Ağdam şəhərində ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.

Sitat.info xəbər verir ki, İşçi qrupun iclası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi ilə keçirilir.

İclasda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə ( Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, AMEA-nın vitse-prezidenti Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva və başqaları iştirak edirlər.

İclasda 9 məsələ - Qarabağ iqtisadi rayonunun sosial-iqtisadi inkişafında ekoloji amillərin qiymətləndirilməsi, Qarabağ iqtisadi rayonunun biomüxtəlifliyi, mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi işləri, Ağdam rayonunda su təchizatı sistemləri, Qarabağ iqtisadi rayonunda meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı, mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri müzakirə olunur.

Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji'nin inkişafı və ekoloji mühitin keyfiyyətinin artırılması, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, Qarabağ iqtisadi rayonunda yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi haqqında müzakirələr aparılır.



Xəbər xətti