Hayfada keçirilən etiraz nümayişində çıxış edən İsrailin keçmiş Baş Qərargah rəisi Dan Halutz ölkəsinin HƏMAS-a qarşı müharibənin uduzduğunu deyib. Qələbənin ancaq baş nazir Benyamin Netanyahunun istefası ilə əldə oluna biləcəyini ifadə edən Dan Halutzun sözləri ətrafa toplaşan izdiham tərəfindən alqışlarla qarşılanıb.
Sitat.info xəbər verir ki, İsraildə yayımlanan Kanal 14 televiziyası, istefada olan general Halutzun Netanyahuya qarşı çevriliş xarakterli etirazlar təşkil etmək üçün çalışdığını bildirib.
Etirazlarda qan tökülə biləcəyini qeyd edən Dan Halutz xüsusilə ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin tərəfdarlarının atəş aça biləcəyini qeyd edib.
2000-ci illərdə İsrail ordusuna rəhbərlik etmiş Baş Qərargah rəisi Dan Halutz 2007-ci ildə Hizbullahla müharibədəki uğursuzluqdan sonra istefa verib. . Müharibə başlamazdan əvvəl birjada paylarını satdığı ortaya çıxan general-leytenant Halutz uzun müddət istefa təzyiqinə müqavimət göstərib.
34 günlük Livan müharibəsi zamanı İsrail nə Hizbullahın raket hücumlarını dayandıra bilib, nə də qaçırılan iki əsgərini xilas edə bilib.
Nərgiz,
Sitat.info