Yeni Azərbaycan Partiyası (YAP) 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Sitat.info xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi feysbuk və tviter hesablarında məlumat verilib.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib.
“Bu prosesin qısa müddət ərzində və mütəşəkkil surətdə həyata keçirilməsində zəhməti olan bütün siyasi həmfikirlərimizə təşəkkürümüzü bildirir və fürsətdən istifadə edərək partiya üzvlərimizi, bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğma Azərbaycanımıza isə sülh və tərəqqi, Azərbaycan Respublikası Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni qələbə və Zəfərlər arzu edirik”, - deyə partiyanın məlumatında bildirilib.