“Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” - “Sea Breeze” işində prokurora güllə kimi suallar verildi (Video)

13:23 27 Dekabr 2023

“Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” - “Sea Breeze”işində həbs olunan Məhəmməd Həsənzadə dekabrın 26-da keçirilən prosesdə dövlət ittihamçısı Amin Şəkərəliyevə belə suallar ünvanlayıb. 

3 aya yaxındır ki, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”dəki dava ilə bağlı araşdırmalar aparılır. İttihama görə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad  Əhmədli oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədovla Cavad Muradovu döyüblər. 

Məhkmədə isə hətta Cavad Muradov belə ittihamı qəbul etmir, təqsirləndirilən şəxslər tərəfindən döyülmədiyini deyir. Əksinə davanın Elnur Məmmədov tərəfindən salındığını da gizlətmir. Bununla belə Elnur Məmmədovdan savayı hər kəs həbsdədir. Murad Əhmədli məktəbli olduğuna görə barəsində həbslə əlaqəli olmayan tədbir seçilib. 
Dekabrın 26-da keçirilən prosesə də Elnur Məmmədov yenə gəlməmişdi. Hakim Mirheydər Zeynalov onun nümayəndəsi Cavidan Osmanlıya tapşırdı ki, növbəti prosesdə Elnur Məmmədov iştirak etsin. Tərəflər Elnur Məmmədovun iştirakı olmadan məhkəmənin davam etdirilməsinə etiraz etmədilər. 

Bundan sonra hakim Peyman Vəlizadə və Murad Əhmədlinin telefon-anten məlumatları ilə bağlı Azercell-ə verilmiş sorğunun cavabı elan olundu. 
İttihamda yazılır ki, Elmir İsmayılov 2023-cü il iyunun 11-də Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli ilə “Sea Breeze”də olublar. Həmin vaxt Elnur Məmmədov, Cavad Muradov da orada olub. Dava düşüb və Elnur Məmmədovla Cavad Muradov döyülüblər.   
Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli sorğuya verilən cavabla bağlı fikirlərini dedi. Bildirdi ki, açıq-aşkar görünür ki, Peyman Vəlizadə və Murad Əhmədli ittihamda göstərilən zaman(23:00 radələri) “Sea Breeze”nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, kilometrlərlə uzada yerləşən Mərdəkan qəsəbəsində olublar. Vəkil hər iki şəxsin hərəkət traektoriyasında olan telefon-anten ötürücülərinin yerləşdiyi əraziləri və həmin ərazilərdə Peyman Vəlizadə ilə Murad Əhmədlinin olma saat və dəqiqələrini sadalayıb. Bildirib ki, hər iki şəxsin “Sea Breeze”yə gəlməsi gecə saat 4:44 və 4:52-yə təsadüf edib:

- Verilən sorğuya cavabla işdə olan videogörüntülər də, şahid, təqsirləndirilən və hətta zərərçəkənlərin də ifadələri üst-üstə düşür, bu şəxslər “Sea Breeze”də olmayıblar. Başqa sözüm yoxdur. 
Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov sübutun alınmasının məqsədini izah edib: “Bu sübutu sorğunu verib ona görə alırıq ki, görünsün ki, ortada biz tərəfdən xuliqanlıq yoxdur. Xuliqanlığın mahiyyəti təşəbbüsdən irəli gəlir. İctimai qaydanı pozmaq təşəbbüsü kimin hərəkətlərindən əmələ gəlib, biz onu müəyyən etməliyik. İttiham da, guya, ona görə verilib ki, guya saat 23 radələrində orada qarşı tərəfə Elmir mühafizəçilərlə birgə yanaşıb. Biz sübut etməyə çalışırıq ki, ittiham başlanğıcından səhv verilib. Orada Elmirin yanında mühafizəçi olmayıb. Olmayıbsa, deməli biz tərəfdən xuliqanlıq əməli də olmayıb. Orada xuliqanlıq olubsa, bunun da təşəbbüskarı biz deyilik. 

Əgər ittihamda göstərildiyi kimi bu əməllər 23 radələrində başlayıbsa, o halda  Elmir zəng etməli idi digərilərinə ki, mən bunlarla dava eləməliyəm, durun gəlin bura. Onlar da uzağı 1 saata gəlib ora çatardılar. “Bizim Cəbiş müəllim” filmində olduğu kimi, “Çəkilin, Namiqlə Makedon dalaşır” söhbəti olmalı idi.  Görünən odur ki, bu uşaqlar ora səhərə yaxın 5-ə işləmiş gediblər. O da başını-gözünü vurub əzəndən sonra Elmir qardaşına zəng edib. Bu sübut da onu göstərir ki, bu şəxslər Elmirdən savayı doğurdan da hamısı bir yerdə Mərdəkan qəsəbəsində olublar və sübut onların ittihamda göstərilən bu əməlləri icra etmədiklərini göstərir. 

Murad Əhmədlinin vəkili Faiq Nəcəfli bildirdi ki, işdə qrup halında xulianlıqdan söhbət gedə bilməz. Çünki telefon-anten məlumatlarından görünür ki, hadisə baş verən zaman Peyman Vəlizadə, Murad Əhmədli və Məhəmməd Həsənzadə “Sea Breeze”də olmayıblar.

Dövlət ittihamçısı özü də şahid oldu ki, müstəntiq işi düz aparmayıb, qərəzli olaraq səhv aparıb, ittiham aktını bu şəkildə formalaşdırıb. Şahid ifadələrində Murada qarşı bir cümlə olsa belə ifadə yoxdur. Telefon-anten məlumatları da göstərir ki, o, “Sea Breeze”yə mübahisədən 5 saata yaxın vaxt keçəndən sonra gəlib. Onun iştirakı təsdiqini tapmır. Biz hesab edirik ki, burada qrup halında xuliqanlıqdan söhbət gedə bilməz. 

Peyman Vəlizadənin vəkili də xüsusi olaraq vurğuladı ki, Azercell-dən  verilən cavabdan bir daha aydın olur ki, Peyman, Murad Əhmədli, mobil operatorun əvvəlki cavabından isə Məhəmməd Həsənzadə ittihamda göstərilən saatda “Sea Breeze”də olmayıblar: “Onlar davadan 4 saat sonra “Sea Breeze”yə bağdan gəliblər. Orada da yalnız xəsarət alıblar. Bu baxımdan yalnız zərərçəkən kimi çıxış edə bilərlər”.

Təqdim olunan sübuta dövlət ittihamçısı Amin Şəkərəliyev münasibət bildirməkdən yayındı. Dedi ki, Murad Əhmədlinin vəkili iştirak etmir. 
Vəkil Faiq Nəcəfli prosesdə iştirak etdiyini, orderini də məhkəməyə təqdim etdiyini Amin Şəkərəliyevin diqqətinə çatdırdı. Dövlət ittihamçısı Amin Şəkərəliyev bu dəfə zərərçəkən Elnur Məmmədovun iştirakının vacib olduğunu deməklə sübutun tədqiqinin düzgün olmadığını çatdırdı. Elnur Məmmədovun nümayəndəsi Cavid Osmanlı dövlət ittihamçısının mövqeyi ilə razı olduğunu dedi. 

Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli isə etiraz etdi: “Bu gün, cənab prokurora sərf eləmir deyə, ittihamın sübutları bir-bir aradan qalxır deyə, bu cür mövqe sərgiləyir. Bu sübutdan da açıq-aşkar görünür ki, ittihamda göstərilən saatda bu adamlar orada olmayıb. İttihamda isə saatı dala-qabağa sürüşdürmək olmur.

İstintaq müəyyən etdiyini yazır ki, guya 23 radələrində təqsirləndirilənlər orada olublar. Sorğudan cavabdan da görünür ki, olmayıblar. İstintaq 23 radələri deyir, yazırlar ki, bunu istintaqla müəyyən ediblər. Hörmətli prokuror da görür ki, burada nə qədər bəraətlər var. Biz bu günə qədər Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini tələb edəndə, hamı deyirdi ki, sən Elnuru neynirsən, Elnur hazırlıqda da, prosesdə də ifadə verdi.

Bu gün burada onun nümayəndəsi də iştirak edir. Elnur dəvət etdik, gəldi. O gəlib bura nə deyəcək?  Məgər o, Azercell-də işləyir? Bəs siz, hörmətli prokuror, Elnur Məmmədov neçə dəfə prosesdə iştirak etməyib, siz onun barəsində məcburi gətirilmə veriməsini niyə istəmədiz? Onu təqsirləndirilən şəxs kimi cəlb etmək lazımdır. Buradakılar uşaq deyil, camaat 7 aydır “içəri”dədir, ortada videolar da var. Prokuror vəsatət qaldırıb ona ittiham irəli sürülməsini istəmək, onu da həbs edib gətirib burada oturulmasını tələb etmək əvəzinə... onun “podelniki” Cavad da burada Elnurun üzünə dedi ki, davanı salan sən, ən çox vuran sən, bütün videolara düşən sən, “içəri”də yatan biz”. 

Vəkil dedi ki, baş verənlərlə bağlı Baş Prokurorluğa şikayət ərizəsi yazacaq: “Elnur barəsində təqsirləndirilən şəxs kimi olan qərarı tələb edəcəyəm. Prokuror məhkəmədə deyir ki, Elnr barəsində qərar var. Hakimdən istəyirik, deyir ki, iş materiallarında yoxdur. Hanı onun barəsindəki cinayət işi? Hanı həmin cinayət işinin nömrəsi? Yoxdur, olmayacaq da! Bəsdirin camaatın taleyi ilə oynadınız!!! Elə bilirsiz ki, bu uşqlar “içəri”də istirahətdədir? Onların taleyi ilə oynamaq olmaz!

Məhkəmə istintaqı bitməlidir, xahiş edirik ki, yekunlaşdırın, dövlət ittihamçısına söz verin. Prokurorun məqsədi nədir işin uzadılmasında? Məqsədi odur ki, cavan uşaqlar “içəri”də mümkün qədər çox qalsınlar? Bu, düzgün mövqe deyil. Xahiş edirəm ölçü götürün. Uşaqların zindanda olmalarını nəzərə alın. Görür ki, uşaqların günahı yoxdur, iş bəraətlikdir, mövqe bildirməkdən yayınır. 

Vəkil Vüsal Orucov Elnur Məmmədova prosesin maraqlı olmadığını, bu səbəbdən də qatılmadığını bildirib: “Bu adamları 50 dəfə aparıb gətirirlər.

Çöldə olan Elnur isə gəlmir. Prosesin əvvəlində qərar verildi ki, Elnur Məmmədovun iştirakı olmadan proses davam etdirilsin”.

Elnur Məmmədovun nümayəndəsi sübutun tədqiq olunması üçün məhkəmədən vaxt istədi. 

Vəkil Faiq Nəcəfli hakimin diqqətinə çatdırıb ki, Elnur Məmmədov sərbəst ifadə verərkən Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad Əhmədlinin “Sea Breeze”də olmadığını deyib.

Məhəmməd Həsənzadə hakimdən söz istədi: “Möhtərəm hakim, hörmətli vəkil deyir ki, bəlkə telefonları orada olmayıb. Onun müdafiə etdiyi şəxs özü burada dedi ki, bizlər orada olmamışıq. Vəkilin özünün bundan xəbəri yoxdur, deyəsən heç ona qulaq da asmayıb”.

Dövlət ittihamçısı müdaxilə edir: 

-Elnur Məmmədov elə söz deməyib.

Məhəmməd Həsənzadə: 

-Vallah elə deyib. Təqsirləndirilən kimi çıxırıq bura, dövlət ittihamçısı Elnur Məmmədovu müdafiə edir, zərərçəkən kimi gəlirik, dövlət ittihamçısı yenə də Elnur Məmmədovu müdafiə edir. Niyə? Bu nə yanaşmadır? 

Dövlət ittihamçısı: 
-O zərərçəkəndir.

Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?

Dövlət ittihamçısı:
-Elnurun barəsində cinayət işi ayrılıb. 
Abbas Kərimbəyli məhkəmədən xahiş edib ki, proses tez bir zamanda yekunlaşdırılsın. Məhkəmə 2024-cü il yanvarın 9-na kimi təxirə salındı.

 




Xəbər xətti