Dövlət Turizm Agentliyinin və “Fireland group”un birgə təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.
Artıq 3 ildən çoxdur ki, “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri çəçivəsində 2800-dən çox şəhid əmanəti 40-dan çox tədbirdə iştirak ediblər. Yüksək səviyyədə təşkil olunan və şəhid ailələrini qürurlandıran bu tədbirlər hər zaman müxtəlif dövlət qurumlarının, ictimayiyyətin diqqətində olub.
Dekabrın 26-da Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və "Fireland group"un dəstəyi ilə Quba, Qusar və Xaçmaz rayonlarından olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir təşkil edilib. Sosialyönümlü tədbirdə 50-dən çox şəhid ailəsinin üzvü iştirak edib.
Tədbir çərçivəsində şəhid ailələri üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, musiqili-əyləncəli proqramlar təşkil edilib.
Tədbirin bədii hissəsi axşam saatlarında baş tutub. Qeyd edək ki, ilk dəfə olaraq bu tədbiri şəhid leytenant Teymur Abbasovun həyat yoldaşı olmuş Sonaxanım Abbasova aparıcı qismində idarə edib. Layihəyə dəvət olunan populyar sənətçi, əməkdar artist Xəyyam Nisanov şəhid ailələri qarşısında 1 saata yaxın öz repertuarı ilə çıxış edərkən həm də onlara olan borcluluq duyğusunu dilə gətirib, xüsusilə “Sənə ehtiyacım var” mahnısını ifa edərkən kövrək anlar yaşanıb. Daha sonra şəhid övladlarına “Şahdağ Turizm Mərkəzi” tərəfindən hədiyyələr təqdim olunub. “Şahdağ Turizm Mərkəzinin” sədri Rüstəm Nəcəfov şəhid ailələrinə bu istirahət mərkəzinin qapısının hər zaman açıq olduğunu bildirib. Tədbirin sonunda şəhid anaları qürur dolu sözlərlə təşkilatçılara və onlara olan dövlət qayğısına görə Dövlət başçısı cənab prezident İlham Əliyevə təşəkkür ediblər. Şəhid Tural Ağcabəyovun anası Ağcabəyova Səmayə fikrini bu sözlərlə ifadə edib.
“Biz bu dövlətdən çox böyük qayğı görmüşük. Başda Cənab prezident İlham Əliyevə, Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim nəvələrim gəlinimlə Xankəndiyə gedib çıxıblar. Xankəndində futbol yarışında iştirak ediblər. Dövlətimiz qoy bütöv olsun, bayrağımız yüksəklərdə dalğalansın. Bir daha müharibə olmasın, analar övladsız, yarlar yarsız qalmasın.”
“Fireland group”un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanov da çıxış edərkən dövlətin şəhid ailələrinə qayğısının yüksək səviyyədə olduğunu vurğulayıb:
“ Hər işdə örnək olan Cənab Prezident şəhid ailələrinə olan diqqəti ilə də vətəndaşalara mənəvi borcluluq duyğusunu xatırladır. Onun tapşırıqları əsasında dövlət qurumları hər biri öz sahəsinə uyğun dəstək tədbirlərini görürlər. Xüsusilə mən Dövlət Turizim Agentiyinin, onun rəhbəri Fuad Nağıyevin təşəbbüslərini vurğulamaq istərdim. Fuad müəllim hər zaman bizim yanımızda olub. Şəhid əmanətlərini baş tacı bilib, onlara ehtiramını ifadə edib. Qarşıda bizim birgə layihələrimiz çox olacaq. Məqsədimiz güclərimizi və şəhid ailələrinə olan sevgimizi birləşdirərək özümüzə borc bildiyimiz qayğıkeşlik, dəstək formasında bu əmanətlərə təqdim etməkdir.”
Tədbirin keçirilməsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizə əmanəti olan övladlarını sevgi və qayğı ilə əhatə etmək, onlara xoş və maraqlı günlər bəxş etməkdir.
Qeyd edək ki, bu günə kimi “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində 3-cü dəfədir ki, şəhid ailələrini qonaq edən "Şahdağ” Turizm Mərkəzi tərəfindən 2024-cü ildə bu tipli daha dörd tədbirin təşkil olunması nəzərdə tutulub.