Ukrayna qoşunları cənubda Xersonu rus işğalçılarından azad etmək üçün irəliləyir, Mariupolda isə ruslar şəhərin mərkəzini hələ ələ keçirməyib.
SİTAT.İNFO xəbər verir ki, bu barədə xarici KİV yazır.
Donbasdakı rus əsgərlərinin Rubijne, Popasna və Marinkanı almağa cəhd etdiyini bildirən xarici medianın məlumatına görə, cəbhə xəttindən qayıdan Rusiya hücum qüvvələri yenidən müharibədə iştirakdan imtina edir.
Bu gün Rusiyanın Ukraynanı işğal etmək üçün hücuma keçməsindən bir ay yarım ötür. Rusiya lideri Vladimir Putin cəbhədəki məğlubiyyətdən sonra işğalçı qüvvələrin komandanı dəyişib.
Mariupol şəhərinin həftələrdir Azov dənizindəki Rusiya hərbçiləri tərəfindən ağır bombardmana məruz qalan mərkəzi hissəsi hələ də Ukrayna qüvvələrinin əlindədir. Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, Mariupol ətrafında Rusiyanın hücumları davam edir, lakin liman şəhəri üzərində nəzarət Ukraynadadır.
Ukraynanın cənubundakı daha bir şəhər olan Xersonda cavab hücumu öz nəticəsini verir. Ukrayna qoşunları müharibənin əvvəlində Rusiyanın ələ keçirdiyi şəhəri azad etmək üçün hücuma keçir və rus işğalçıları təhlükə altındadır.
Ukraynanın Qara dəniz sahilindəki ən strateji şəhəri olan Odessada şənbə günü axşamdan bazar ertəsi axşama kimi komendant saatı elan edilib. Odessa rəsmiləri Rusiyanın raket hücumlarına başlaya biləcəyini bildirir.
Britaniya bu səhər yaydığı memorandumda, Rusiya ordusunun Ukraynanın cənubunda və şərqində hava hücumlarını artıracağını gözlədiyini bildirib.
Britaniyaya görə, ruslar xüsusilə cənubda Mariupol və Nikolayevə diqqət yetiriblər.
Şərqdə İzyum ətrafında Rusiya hücumları davam edir, lakin Rusiya hələ də bölgədə yeni ərazilər əldə etməyib.
Səid İsaoğlu,
SİTAT.İNFO