Ekvadorda iğtişaşlar nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

09:56 10 Yanvar 2024

Ekvadorun Quayakil və Nobol şəhərində iğtişaşlar zamanı azı 10 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə Ekvador polisi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Ölənlər arasında iki polis əməkdaşı da var.

Qeyd edilir ki, silahlı quldurların təşəbbüsü ilə zorakılıqlar başlayıb. Cinayətkarlar küçələrdə polisləri güllələyirlər. Buna cavab olaraq prezident Daniel Noboa fövqəladə vəziyyət elan edib.

Terrorçu qruplaşmaların liderlərinin həbsxanadan qaçmasından sonra etirazlar və iğtişaşlar başlayıb. Bununla əlaqədar olaraq, “daxili silahlı münaqişə” rejimi elan edilib, habelə bir neçə həbsxananın və yerli televiziya kanalının silahlı quldurlar tərəfindən ələ keçirilməsindən sonra hərbi texnika küçələrə çıxarılıb.

“Los Lobos” cinayətkar qrupunun lideri, “Kapitan Piko” kimi tanınan Fabrisio Kolon Piko küçələrdəki xaosdan istifadə edərək Riobamba həbsxanasından qaçıb. Həbsxanadan həmçinin “Fito” kimi tanınan, 12 il həbs cəzası çəkməli olan Adolfo Masias da qaçıb.

Bundan əvvəl Ekvador polisinin xüsusi təyinatlıları silahlı quldurlar tərəfindən ələ keçirilən TS telekanalının studiyasına göndərilib. Cinayətkarların Quayakil şəhərində televiziya kanalının binasına soxulması ilə əlaqədar polisin verdiyi açıqlamada fövqəladə vəziyyəti aradan qaldırmaq üçün hadisə yerinə ixtisaslaşdırılmış bölmələrin göndərildiyi bildirilib. /Report



Xəbər xətti