ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları qlobal sülh və təhlükəsizliyə təhdiddir - Kreml

14:43 12 Yanvar 2024

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumlarının qlobal sülh və təhlükəsizliyə təhdid olduğunu bildirib: “ABŞ və müttəfiqlərinin məsuliyyətsiz hərəkətlərini qətiyyətlə pisləyirik”. 
Sitat.info xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında ABŞ və İngiltərənin Yəmənə hücumları ilə bağlı açıqlamalar verib.

Zaxarova BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Qırmızı dənizlə bağlı ABŞ-ın mövqeyinin “bölgədə gərginliyi artırmaq üçün bəhanə olduğunu” vurğulayıb. 

"Biz ABŞ və onun müttəfiqlərinin məsuliyyətsiz hərəkətlərini qətiyyətlə pisləyirik. Qırmızı dəniz regionunda genişmiqyaslı hərbi gərginliyin artması Yəmən probleminin həlli prosesində qeydə alınan müsbət tendensiyaları məhv edə və bütün Orta Şərq regionunda sabitliyi poza bilər.  Biz bütün beynəlxalq ictimaiyyəti bu hərəkətləri pisləməyə və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün beynəlxalq təşəbbüsləri birləşdirməyə çağırırıq”.

Zaharova ABŞ və İngiltərənin Yəmənə hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdiklərini bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabından verdiyi açıqlamada belə deyib: "Amerikalılar bu gecə Yəməndə husilərə qarşı yeni cəbhə açaraq diqqəti onların himayəsində olan Kiyevdən yayındırdılar. Onlar çox dəhşətlidirlər”. 

ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərinin bəzi nöqtələrinə hava zərbələri endirib.

Nərgiz,

Sitat.info



Xəbər xətti