Türkiyənin “Antalyaspor” klubunda çıxış edən israilli futbolçu Sagiv Jehezkel polis tərəfindən saxlanılıb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Antalya Baş Prokurorluğu tərəfindən israilli futbolçuya qarşı "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə istintaq başladılıb.
Buna səbəb onun vurduğu qolu 7 oktyabrda HƏMAS-ın hücumları nəticəsində əsir düşən israillilərə həsr etməsidir. Jehezkel qoldan sonra qolundakı sarğıya yazdığı “100 days. 7. 10” yazısını nümayiş etdirmişdi.
***
“Antalyaspor”un israilli futbolçusu Sagiv Jehezkel sərbəst buraxılıb.
Bu barədə “Antalyaspor”un mətbuat xidmətinin rəhbəri Alkan Evrən məlumat yayıb.
O bildirib ki, S.Jehezkel bu gün şəxsi təyyarə ilə İsrailə qayıdacaq:
“Adıçəkilən futbolçu ilə müqaviləyə xitam verilməsi üçün hüquqi proseslər davam etdirilir”.
Klub prezidenti Sinan Boztəpə isə “Antalyaspor” rəhbərliyi, Türkiyə Futbol Federasiyası (TFF), FİFA və UEFA ilə dördtərəfli görüş keçirildiyini deyib:
“Futbolçunun müqaviləsi ilə bağlı son vəziyyətə sabah aydınlıq gələcək. “Antalyaspor” siyasətdən kənar bir futbol qurumudur. Əlimizdən gələni edəcəyik”.