Pensiyalar nə vaxt artacaq?

09:00 16 Yanvar 2024

Millət vəkili, iqtisadçı Vüqar Bayramov pensiya artımı ilə bağlı daha bir açıqlama yayıb.

Sitat.info xəbər verir ki, o, 2023-cü ilin orta aylıq maaşın məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyaların yanvar ayından indeksasiya edilərək artırılacağını bildirib.

“Dövlət Statistika Komitəsinin ötən gün yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal maaş əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni ötən ilin 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10.8 faizə indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, fond 2023-cü ilin orta aylıq maaş məbləğində məhz bu qədər artımın qeydə alınacağını gözləyir. Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq maaşındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq maaşdakı rəsmi artım 11 faizdən çox olub”, - ekspert vurğulayıb.

O bildirib ki, bununla yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq:

“Həmin zaman orta aylıq maaşdakı illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq”.

Qeyd edək ki, pensiya artımı fevraldan hesablansa da, yanvar ayından tətbiq ediləcək və aradakı fərq növbəti aydan pensiyaçıların hesabına köçürüləcək.



Xəbər xətti