İsrail ordusunun Livanın cənubundakı bölgələrə ən azı 15 hava hücumu təşkil etdiyi bildirilib.
Sitat.info xəbər verir ki, Livanın rəsmi agentliklərində yer alan xəbərə görə, İsrail ordusu Sluki vadisi, Huceyra vadisi və Hula qəsəbəsi ətrafına 15 hava zərbəsi endirib.
İsrail ordusunun Livan sərhədinə çox yaxın olan qəsəbələrin “Merkava” tipli tankla hədəfə aldığı da qeyd edilib.
Hizbullah meşəlik ərazilərdə gizlənir
Digər tərəfdən İsrail ordusundan verilən açıqlamada Sluki vadisindəki bəzi Hizbullah hədəflərinin hava və artilleriya atəşi ilə hədəf alındığı bildirilib.
Qısa müddətdə Hizbullah mövqelərinə və hərbi infrastruktura qarşı hücumların həyata keçirildiyi qeyd edilib.
Açıqlamada həmçinin Hizbullahın sözügedən vadidən öz fəaliyyətləri üçün istifadə etdiyi və Hizbullah üzvlərinin İsrailə qarşı hücumlar həyata keçirmək üçün meşəlik ərazilərdə gizləndiyi bildirilib.
2023-cü il oktyabrın 8-dən bəri İsrail ordusu ilə Hizbullah arasında sərhəddə davam edən qarşıdurmalarda 29 Livanlı mülki vətəndaş və 161 Hizbullah üzvü, həmçinin 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.
Ayna,
Sitat.info