Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi vəhşiliyinə məruz qaldı. Milli azadlıq və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı ordu hissələri yeridildi və yüzlərlə günahsız insan qətlə yetirildi. 20 Yanvar hadisələri XX əsrdə xalqımıza qarşı davamlı olaraq həyata keçirilən təcavüzkar siyasətin ən bariz təzahürlərindən biri idi.
Sitat.info xəbər verir ki, bu sözləri qanlı 20 Yanvar faciəsinin mahiyyəti ilə bağlı mətbuata verdiyi açıqlamasında deputat Kamaləddin Qafarov deyib.
O bildirib ki, ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin hadisələrdən 34 il keçir:
"1980-ci illərdə SSRİ rəhbərliyinin himayədarlığı ilə erməni separatçıları tərəfindən başlanan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğın və qətliamlar, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan ərazisindəki dədə-baba yurdlarından soydaşlarımızın məcburi deportasiyası da bu siyasətin mərhələləri idi".
K.Qafarov qeyd edib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ-nin o dövrki rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun hissələri dinc əhalini təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə, ağır texnikadan və iriçaplı silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirmişlər:
“Qanlı Yanvar gecəsində qoşunların qanunsuz yeridilməsi nəticəsində təkcə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır. Hər zaman olduğu kimi, millətin ən ağır günlərində öz xalqının yanında olan, onun dərdini bölüşən Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə ilk olaraq qəti etirazını bildirmiş, bu qanlı cinayətə siyasi qiymət verərək, hətta imperiyanın mərkəzində olmasına rəğmən SSRİ rəhbərliyini ittiham etməkdən belə çəkinməmişdir. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı təcavüzə kəskin etirazını bildirərək həmin əməliyyata rəhbərlərini ifşa etmişdi. Məhz bu hadisədən sonra sovet imperiyası Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını tamamilə itirdi".
K.Qafarov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə 1994-cü ildə hüquqi-siyasi qiymət verildiyini vurğulayaraq deyib:
“Xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərliyə gəlişindən sonra Ümummilli Lider Heydər Əliyev həmin dövrün mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə yaxından məşğul oldu. Görülən işlər nəticəsində tezliklə bütün həqiqətlər üzə çıxdı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. Bundan 4 il sonra, 1994-cü il martın 29-da yenə də Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Milli Məclisin həmin qərarında qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini dönmədən davam etdirən möhtərəm dövlət başçımız şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Azərbaycan xalqı doğma Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq. 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində 30 illik erməni işğalına son qoymaqla, eləcə də keçən il ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Azərbaycan bütün şəhidlərinin qanını almış, ruhlarını şad etmişdir”.