Novosibirsk sakinləri Azərbaycandan olan fəhlə Rza Rzayev üçün 70 min rubldan çox pul toplayıblar.
Sitat.info xəbər veririk, Rza yanvarın 17-də istilik magistralında baş verən qəza zamanı onlarla insanın həyatını xilas etməyə kömək edib. Bu barədə “Borusio”nun Teleqram kanalı məlumat yayıb.
Şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində kommunal qəza baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 6-7-ci mərtəbəyə qədər yerdən qaynar su bulağı çıxıb. Ən yaxın küçə isti suyun altında qalıb.
Sonradan məlum olduğu kimi, 14 nəfər yaralanıb. Azərbaycanlı olmasaydı, daha çox insan tələfatı ola bilərdi. Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından adlamaq üçün keçid təşkil edib, sonra isə insanların ondan istifadəsinə köməklik göstərib. O, uşaqları qucağında aparıb.
Hekayə sosial mediada böyük əks-səda doğurub. Novosibirskdən olan fəallar həmin şəxs üçün Azərbaycandakı övladlarının yanına uça bilməsi üçün pul yığıldığını elan ediblər. Təşkilatçıların hesablamalarına görə, toplanan vəsait gediş-gəliş biletləri və övladlarına hədiyyə üçün kifayət edəcək.