İrəvandan Bakıya çağırış: Əməkdaşlığı gücləndirək!

13:30 27 Yanvar 2024

Ermənistanın Əsir, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyası Azərbaycan tərəfinə əməkdaşlığı gücləndirmək çağırışı edib.

Sitat.info xəbər verir ki, bu barədə komissiyanın bəyanatında bildirilib.

“Ermənistan dəfələrlə, o cümlədən yüksək səviyyədə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib”, - bəyanatda vurğulanıb.

Komissiya qeyd edib ki, 90-cı illərin əvvəllərindən 993 erməni - Ermənistan vətəndaşı və Qarabağ ermənisi itkin düşmüş hesab edilib və İrəvan onların taleyinə aydınlıq gətirməkdə maraqlıdır.

Xatırladılıb ki, 90-cı illərdə həlak olmuş 140 azərbaycanlının cənazəsi Bakıya təhvil verilib.

“Ermənistan 2020-ci ilin noyabrından başlayaraq 44 günlük müharibədə həlak olan 51 azərbaycanlının, o cümlədən 90-cı illərdə həlak olmuş 50-yə yaxın insanın cəsədinin mümkün dəfn olunduğu yerləri göstərən topoqrafik materialları Azərbaycana verib”, - bəyanatda iddia edilib.

Qeyd edək ki, 90-cı illərdə itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dəfələrlə Ermənistana çağırış edib.



Xəbər xətti