Terror aktını törədənlərin tam və ağır cəzalandırılmasını gözləyirik - Əli Əlizadə

15:00 27 Yanvar 2024

Səfirliyimizə qarşı törədilən terror aktı nəticəsində şəhid olmuş dəyərli qardaşımız Orxan Əsgərovun vəfatının ildönümündə məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad etdik.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X” sosial media hesabında yazıb.

"Allah rəhmət eləsin! Bu terror aktı nəticəsində ağır yaralanan həmkarlarımız da oldu. Tanrı onları qorusun! Biz bu acımasız terror aktını törədənlərin tam və ağır cəzalandırılmasını gözləyir və İran məhkəməsinin ədalətli və layiqli qərar çıxaracağına ümid edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, İrandakı səfirliyimizə terror aktı təşkil edən şəxsin ilk məhkəməsi bu gün keçiriləcək.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür. Terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb.

Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilib.



Xəbər xətti