Bakıda bu məktəb sökülür - Rəsmi

16:38 31 Yanvar 2024

Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin binası söküləcək.

Sitat.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sökülən məktəbin yerində 480 şagird yerlik yeni bina tikiləcək.

Təhsilin İnkişafı Fondu tikinti işlərini "Global İnteriors Group" şirkətinə həvalə edib. Təhsil müəssisəsinin yeni inzibati binasının inşası 3 640 578.16 manata başa gələcək.

Qeyd edək ki, məktəbin əsası 1930-cu ildə qoyulub. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Bir neçə il əvvəl isə məktəbin binası qəzalı vəziyyətə düşüb. Həmin vaxt məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçib.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 57 nömrəli tam orta məktəbin binasının sökülərək yenidən tikintisi planlaşdırılır.

"Hazırda 57 nömrəli tam orta məktəbdə 906 şagird təhsil alır. Onlardan 557 şagirdin 291 nömrəli Ekologiya liseyinin bir korpusunda, 349 şagirdin isə 178 nömrəli tam orta məktəbdə yerləşdirilməsi nəzərdə tutulur", - məlumatda qeyd olunub.



Xəbər xətti