Rusiyada martda keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, Ukrayna müharibəsinin əlehinə mövqe tutan Boris Nadejdin Vladimir Putinin rəqibi olmaq yolundadır. Nadejdin namizədlik üçün lazım olan 100 min imzaya çatdığını açıqlayıb və onu Moskvadakı Seçki Komissiyasına təqdim edib.
Sitat.info xəbər verir ki, qələbəyə əmin olan prezident Vladimir Putinlə qarşılaşacaq namizədlərin siyahısı hələ dəqiqləşməyib.
15-17 mart 2024-cü il tarixlərində keçirilməsi planlaşdırılan seçkilərdə namizədlərin qeydiyyatı prosesi davam edir.
Rusiya Dövlət Dumasının keçmiş deputatı, 60 yaşlı Boris Nadejdin Putinin rəqibi olmağa namizəddir. Nadejdin sosial media hesabındakı paylaşımında 100 min imza marafonunu başa vurduğunu açıqlayıb.
Nadejdin ümumilikdə 208 min imza topladığını və qanunun icazə verdiyi maksimum hədd olan 105 min imzanı Mərkəzi Seçki Komissiyasına çatdırdığını açıqlayıb. Komissiyanın imzaları yoxlamaq üçün 10 gün vaxtı var.
MÜHARİBƏYƏ QARŞI OLAN NAMİZƏD
Bu yaxınlarda BBC-yə danışan Boris Nadejdinin vədləri arasında Ukraynada müharibənin dayandırılması da var.
Nadejdin Putini tənqid edərək, “O, təkcə xüsusi hərbi əməliyyatda deyil, ümumilikdə çoxlu səhvlərə yol verib” demişdi.
Putinin rəqibi kimi bülletendə olmaq üçün imzatoplama prosesində minlərlə insan şaxtalı havada onun üçün növbəyə düzülüb.
Ayna,
Sitat.info