Bu ölkələrin MSK rəhbərləri Azərbaycana gəldi

12:15 5 Fevral 2024

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri və müşahidə missiyalarının rəhbərləri Azərbaycana gəlib.

Sitat.info xəbər verir ki, onlar arasında MDB-nin Baş katibi Sergey Lebedev və MDB katibliyinin rəhbəri Sergey Burutin, Monteneqro MSK-nın sədri Nikola Mugosa, İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud Bandar, Gürcüstan MSK-nın sədri Giorgi Kalandarişvili və bir neçə üzvü, Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov və bir neçə nümayəndəsi, Ukrayna MSK və Maldiv MSK-nın üzvləri, MDB Parlament Assambleyasının nümayəndələri yer alır.

Onların seçkilərlə əlaqədar bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.



Xəbər xətti