"Faciədən istifadə edib xaos yaratmağa çalışdılar"

13:07 6 Fevral 2024

“Prezident Rəcəb Tayyib Ərdoğan bir il öncə baş verən dəhşətli zəlzələdə son dərəcə həssas oldu. “İtirdiyimiz həyatları geri qaytara bilmərik. Ancaq nə olursa olsun, böyük dövlətlər bu cür fəlakətlərdən, bu cür mənfi hallardan mühüm dərs çıxarar və bu yönləriylə seçilərlər”- deyərək dövlət və millət olaraq bu böyük fəlakətdən böyük dərslər çıxarmağımız üçün səy göstərdi. Biz də öz sahəmizdə Türkiyə olaraq Əsrin Fəlakətini təbii fəlakət koordinasiyası kontekstində bir milad kimi qəbul edirik".

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Əsrin Fəlakətinin 1-ci İldönümündə Fəlakət Koordinasiyası Simpoziumu”nda çıxışı zamanı deyib.

Çıxışını davam etdirən Fəxrəddin Altun əlavə edib ki, qarşılarına belə bir hədəf qoyublar: "Türkiyənin fəlakət koordinasiyası nöqtəsində olduğu səviyyəni daha da yüksəltmək, bunun üçün böyük səy göstərmək və bu sahədə akademik və intellektual mükəmməlliyi artırmaq”.

Bir il öncə baş verən zəlzələlər nəticəsində 11 şəhərdə 14 milyon insanın zərər gördüyünü vurğulayan Fəxrəddin Altun dövlətin axtarış-xilasetmə işlərindən dərhal sonra sürətli bərpa və yenidənqurma işlərinə başladığını söyləyib:

“Bu çərçivədə ümumilikdə 307 min evin əksəriyyətinin tenderi keçirilib. Tenderləri keçirilmiş bina və kənd evlərinin tikinti prosesi sürətlə davam edir. İctimaiyyətin bu işləri yaxından izləməsi üçün media mənsublarının bölgədə iştiraklarını asanlaşdırmağa və fəaliyyətlərinə dəstək verməyə çalışırıq”.

Fəxrəddin Altun böyük fəlakətlərin yaratdığı fövqəladə hal psixologiyasını manipulyasiya etməyə və beləliklə, fəlakəti daha da dərinləşdirməyə çalışan bədxah aktyorların olduğuna diqqət çəkərək bunları deyib:

“Bu dezinformasiya kampaniyalarını həyata keçirənlərin məqsədi ictimaiyyətdə dövlət orqanlara qarşı inamsızlıq yaratmaq, yanlış məlumat yaymaqla axtarış-xilasetmə və yardım fəaliyyətlərinə mane olmaq, insanlarda çaşqınlıq, xaos yaratmaqla qərar vermə proseslərinə zərbə vurmaq idi.

Zəlzələlərdən sonra dövlət və millət olaraq göstərdiyimiz səylərlə bu cür çirkin hədəflərin öz məqsədlərinə çatmasının qarşısını böyük ölçüdə aldıq. Amma bu o demək deyil ki, belə hücumlar dayanacaq. Biz bilirik ki, bu cür bədnam cəhdlər mümkün böhran və fəlakət vəziyyətlərində mütləq özünü göstərəcək”, - Altun qeyd edib.



Xəbər xətti