Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endrü Parsons arasında onlayn formatda görüş olub.
MPK-nın Mətbuat Xidmətindən Report-a verilən məlumata görə, İ.Rəhimov IPC rəhbərini ölkədə paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyət, eyni zamanda noyabrda Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatına hazırlıq barədə məlumat verib.
MPK prezidenti E.Parsonsun rəhbərliyi altında beynəlxalq paralimpiya hərəkatının daha da inkişaf etdiyini vurğulayıb. O, rəhbəri olduğu qurumun IPC-nin gördüyü işlərə gələcəkdə də dəstək verəcəyini diqqətə çatdırıb.
IPC prezidenti bildirib ki, Azərbaycan Milli Paralimpiya Komitəsi beynəlxalq paralimpiya hərəkatına böyük tövhə verir, daim qurumla sıx əlaqədə olur. E.Parsons Azərbaycanda dövlət, xüsusilə ölkə başçısı İlham Əliyevin paralimpiya hərəkatına göstərdiyi dəstəyi yüksək qiymətlənləndirib. IPC prezidenti bu dəstəyin bütün dünya üçün nümunə olduğunu söyləyib.
İ.Rəhimov Prezident İlham Əliyevin ölkədə paralimpiya hərəkatının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb. O, ölkə başçısının Azərbaycanda beynəlxalq yarışların və tədbirlərin keçirilməsini daim dəstəklədiyini qeyd edib, paralimpiyaçıların iştirakı ilə Bakı-2015 I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, IBSA JUDO Qran Priləri və 2019-cu ildə Heydər Əliyev fondu və Komitənin birgə təşkilatçılığı ilə Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” beynəlxalq qala təqdimatının keçirildiyini, ölkəmizin gələcəkdə də bu cür mötəbər tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
O, Azərbaycan paralimpiyaçılarının Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlıqları haqqında bəhs edərək deyib ki, Komitənin məqsədi ölkədə paralimpiya dəyərlərini təbliğ edərək idmançı və idman növlərinin sayını artırmaq, Parisdə daha böyük heyətlə iştirak edib və ən azı Tokioda göstərilən nəticələri təkrarlamaqdır.
Daha sonra İ.Rəhimov və E. Parsons gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr aparıb. Görüşün yekununda MPK prezidenti IPC rəhbərini Bakıya dəvət edib, E.Parsons isə dəvəti qəbul edərək öz təşəkkürünü bildirib.