Türkiyədə yaşayan azərbaycanlı sənətçilər növbədənkənar keçirilən prezident seçkilərində səsvermə hüququndan aktiv şəkildə istifadə ediblər.
Sitat.info Report-a istinadən xəbər verir ki, Azərbaycanın xalq artisti, Adana Çukurova Dövlət Universitetinin professoru Cahangir Novruzov Ankaradakı səfirlikdə qurulan 46 saylı seçki məntəqəsində səs verib.
Xalq artisti açıqlamasında seçki prosesini Azərbaycan xalqı üçün önəmli və tarixi gün adlandırıb.
"Azərbaycan torpaqları 30 illik əsarətdən xilas oldu. Bu gün xalqımız kimə səs verəcəyini çox gözəl bilir. Türkiyədə hər zaman seçici fəallığı olub, amma bu dəfə seçici aktivliyi daha yüksəkdir. Xalqımız üçün xeyirli və ədalətli bir seçim olacağına əminəm", - C.Novruzov əlavə edib.
TRT-nin Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın xalq artisti Elnarə Kərimova da Türkiyədə təşkil edilən seçki prosesindən razılığını ifadə edib.
Sənətkar deyib ki, seçki prosesi rahat və demokratik şəraitdə keçir.
“Hər kəs öz iradəsi ilə səs verir, Azərbaycan xalqına xeyirli, uğurlu olsun. İnanıram ki, xalqımız doğru seçim edəcək”.
Azərbaycanın xalq artisti Azərin seçki prosesi ilə bağlı təəssüratlarını bölüşüb.
Müğənni deyib ki, vətəndaşı olaraq neçə illərdir prezident seçkiləri ilə əlaqədar Türkiyədə səsvermədə iştirak edir.
“Hər dəfə də seçki prosesinə qatılanda görürəm ki, vətəndaşlarımız seçkiyə yüksək ovqatda gəlir, bu dəfə də elə oldu, amma bir fərq vardı, indi seçicilər daha qürurlu idi və bundan mən də qürur hissi keçirdim”, - deyə müğənni bildirib.