Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik etdi

09:00 8 Fevral 2024

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sitat.info xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım.

Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi - əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram.

Bu seçkilərdə Sizin namizədliyinizin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqınızın irəli sürdüyünüz strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür. Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır desəm, əsl həqiqəti ifadə etmiş olaram.

Bu gün Sizin - öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir.

Əziz qardaşım, bu məqamda xüsusi qeyd etmək istərdim ki, son illərdə bizim ali səviyyədə fəal təmaslarımız və aramızda olan sıx qardaşlıq münasibətlərimiz, həyata keçirilən konkret layihələr və “yol xəritələri” qarşılıqlı faydalı əlaqələrimizə güclü təkan verir.

Sizinlə razılaşdığımız kimi, Özbəkistan və Azərbaycan arasında çoxtərəfli əlaqələrin sürətli inkişafı ili elan edilən cari il ərzində daha on yeni sahə üzrə, o cümlədən kimya, neft-qaz, mədənçıxarma, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş böyük planlarımızın tam şəkildə həyata keçiriləcəyinə inanıram.

Əminəm ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.

Heç şübhəsiz ki, Zati-alinizin gələcəkdə ölkəmizə həyata keçiriləcək səfəri mövcud potensialımıza və imkanlarımıza uyğun olaraq çoxşaxəli və dostluq əlaqələrimizi tamamilə yeni səviyyəyə ucaldacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram".



Xəbər xətti