Ermənistanın Müdafiə Nazirliyi insanları məlumatlandırmaq üçün lazım olan qədər informasiya verir ki, bu məlumatlar bizim təhlükəsizlik məsələlərimizi pozmasın, problem yaratmasın.
Sitat.info xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib.
“Bütün icma rəhbərlərini və inzibati məsul şəxsləri lazımsız məlumat verməməyə, birmənalı olmayan xəbərlər səsləndirməməyə və Müdafiə Nazirliyinin rəsmi məlumatlarını rəhbər tutmağa çağırıram. Belə hadisələr (sərhəddə erməni təxribatı nəzərdə tutulur – red.) olub və olacaq, sadəcə onları minimuma endirmək lazımdır”, - o bildirib.
Deputat qeyd edib ki, bu, təxribatdır, nazirlik daxili araşdırma aparacaq ki, bunun səbəbini aydınlaşdırsın:
“Buna sonra aydınlıq gələcək. Azərbaycanlılar xəbər yayıblar, məncə, bununla bağlı rəsmi araşdırma aparılacaq və çoxşaxəli təhlil nəticəsində obyektiv mənzərə yaranacaq. Son 30 ildə Azərbaycanın “təxribat” törətmədiyini görmüsünüzmü? Əlbəttə olacaq. Siyasi nailiyyətlər, sülh müqaviləsi və ya qarşılıqlı hücum etməmək haqqında saziş varsa, bu halda təxribatlar minimuma endiriləcək və minimuma endirilməlidir. Amma nə olursa olsun, silahlı qüvvələrimiz istənilən təxribata, hücuma hazır olmalıdır”.
Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.
//Axar.az