“Azərbaycanda vətəndaşlara verilən kreditlərin faiz dərəcələri qonşu ölkələrlə müqayisədə yüksəkdir”.
SİTAT.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib.
O, Mərkəzi Bankın yeni rəhbərliyindən xahiş edib ki, kreditlər vətəndaşlar, orta biznesin inkişafı və sahibkarlıq üçün bir rəqəmli faizlərlə təqdim olunsun: “Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bu valyuta ehtiyatlarının müəyyən hissəsinə dair istifadə qaydaları vətəndaşlar üçün də əlçatan olmalıdır. Bu vəsait 3-5%-lə vətəndaşlara kredit şəklində verilə bilər”.
O, həmçinin qeyd edib ki, qonşu ölkələrin milli valyutalarında qiymət aşağı düşürsə, bu, Azərbaycana təsir edir: “Hesab edirəm ki, Mərkəzi Bankın yeni kollektivi ciddi pul-kredit siyasəti həyata keçirəcək”.
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. Daha sonra Taleh Kazımovun İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə qərar verilib.