İndicə məlum oldu ki, Aleksey Navalnı Rusiya həbsxanasında ölüb.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Berlində Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.
“Aydındır ki, o, işgəncələrə məruz qalan minlərlə insan kimi Putin tərəfindən öldürülüb. Putin üçün fərqi yoxdur kim ölür, əsas odur öz mövqeyini qorusun. Etdiyi əmələ görə hər şeyini itirməlidir”, - Zelenski bildirib.
Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel isə deyib ki, Navalnının ölümünə görə, Rusiya hakimiyyəti məsuliyyət daşıyır.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Navalnının ölümünü dəhşətli xəbər adlandırıb. Onun sözlərinə görə, Rusiya demokratiyasının ən qızğın müdafiəçisi kimi Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət nümayiş etdirib.
NATO Baş katibi Yens Stoltenberq açıqlamasında qeyd edib ki, Navalnının ölümü ilə bağlı bütün faktlar müəyyən edilməli və Rusiya ciddi suallara cavab verməlidir.
Latviya Prezidenti Edqar Rinkeviç də Aleksey Navalnının Kreml tərəfindən vəhşicəsinə öldürüldüyünü bildirib:
“Bir siyasətçi kimi Aleksey Navalnı haqqında nə düşünürsünüzsə düşünün, amma o, indicə Kreml tərəfindən vəhşicəsinə öldürüldü. Bu bir faktdır və mövcud Rusiya rejiminin əsl mahiyyəti haqqında bilinməsi lazım olan bir amildir. Ailə və dostlarına başsağlığı verirəm”.
Bu açıqlamara Rusiya XİN-in sözçüsünün reaksiyası çox gecikməyib. Mariya Zaxarova bildirib ki, NATO liderlərinin Navalnının ölümünə ani reaksiyası özünüifşadır:
“Hələlik məhkəmə-tibbi ekspertizasının rəyi yoxdur, lakin Qərbin qənaətləri artıq hazırdır”.
Qeyd edək ki, Aleksey Navalnı bu gün Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb.
//Axar.az