"Bu bütövlükdə cəmiyyətin problemidir. Əvvəlki hadisə də, sonuncu da məktəbdən kənarda baş verib. Ona görə də ailə ilə, valideynlə bağlıdır. Bu cür hadisələr əvvəllər də olub. O zaman sosial şəbəkələr belə geniş yayılmamışdı. Bu hadisələri, onların videogörüntülərini yaymağı da düzgün hesab etmirəm. Daha çox təhsilimizdəki yaxşı halları yaymalıyıq. Müsbət hallar da çoxdur. 10 nəfər tapmaq olar ki, onlar xaricdə Azərbaycanı yüksək səviyyədə təmsil edir. Ancaq bundan yazan yoxdur. Yalnız bu yolla cəmiyyətimizi irəli apara bilərik. Bu məsələni də geniş yaymağın, ayrı-ayrı adamların adlarını hallandırmağın tərəfdarı deyiləm. Ancaq təəssüflər olsun ki, belə hallar da var. Telekanallarda tərbiyəvi xarakter daşıyan verilişlər vermək lazımdır, müsbət halları təbliğ edtmək lazımdır ki, bu cür mənfi hallarla rastlaşmayaq".
Bu sözləri sabiq təhsil naziri Misir Mərdanov Sitat.info-ya açıqlamasında bildirib.
M.Mərdanov nazir olduğu dönəmdə Sumqayıt şəhəri, 8 saylı orta məktəbdə baş verən faciədən də danışıb: "Mən nazir olanda xəbər gəldi ki, Sumqayıtda məktəblərin birində hərbi hazırlıq müəllimi dərs keçəndə sinfə qumbara gətirib, elə bilib boş qumbaradır. Sən demə əsl qumbara imiş. Qumbara sinif otağında partlamışdı, atestat almağa gələn 5 nəfər 11-ci sinif şagirdi və bir müəllim ölmüşdü. Dəhşətli hadisə idi, valideyn uşaq göndərib ki, atestat alsın, evinə meyiti gəlib. Bu cür hadisələr olub. Ümumiyyətlə, məktəbi idarə edənlər valideynlərlə tez-tez bir yerə yığışıb, tədbirlər keçirməlidir ki, bu cür xoşagəlməz halların qarşısı alınsın".
Məğrur,
Sitat.info