Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi atası tərəfindən zorakılığa məruz qalan azyaşlıya və ailəsinə baş çəkib.
Bu barədə Sitat.info-ya komitədən məlumat verilib.
Qeyd edilib ki, görüşdə Xəzər Rayın İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları, dövlət komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqu iştirak edib.
Bildirilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Elnur Eltəmas oğlu Məmmədov ilə 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsədə valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixoloji və sosial dəstək göstərilib.
Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov polis tərəfindən saxlanılıb.