Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı, Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın üzvü Tiqran Abramyan bir daha İrana səfəri və iranlıların “Zəngəzurla bağlı narahatlıqları” haqda danışıb.
Sitat.info xəbər verir ki, o, erməni mediasına açıqlamasında İranda rəsmilərlə keçirdiyi görşlərə toxunub.
“İran Ermənistan və xüsusilə onun cənubunda yerləşən Zəngəzur bölgəsi ətrafında yaranmış vəziyyətdən ciddi şəkildə narahatdır”, - Abramyan bildirib.
Onun sözlərinə görə, İran rəsmilərində belə bir fikir geniş yayılıb ki, Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsi ilə “Ermənistanın Zəngəzur bölgəsinə və İranın milli təhlükəsizliyinə” təhdid güclənib:
“Tehranda çoxları bu fikirdədir ki, Qarabağ və Zəngəzur coğrafi və geosiyasət baxımından bütövdür. İranlı həmkarlarımla aparılan müzakirələrin nəticələrinə əsasən güclü şəkildə hiss etdim ki, Tehran Ermənistanla hərbi sahədə əməkdaşlığı intensivləşdirmək, bu əməkdaşlığı elə səviyyəyə çatdırmaq üçün yollar və mexanizmlər axtarır ki, Ermənistan öz müdafiəsini təmin edə bilsin”.
Abramyanın sözlərinə görə, İran tərəfi hərbi təlimatçıların göndərilməsi, birgə təlimlərin keçirilməsi barədə danışıb, Zəngəzurda hərbi əməkdaşlığın gücləndirilməsinə dair eyhamlar edib:
“Biz başa düşməliyik ki, bunlar son dərəcə incə və konkret məsələlərdir və dərin təhlil və müzakirə mövzusu olmalıdır. Amma aydındır ki, iki ölkənin ortaq maraqları, eləcə də bu maraqları reallaşdırmaq potensialı var”.
Buna baxmayaraq, Abramyan xəbərdarlıq da edib:
“Təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışarkən bir halı nəzərdən qaçırmaq olmaz: İran ənənəvi olaraq üçüncü tərəflərin regional işlərə qarışmasından ehtiyatlanır. Bu baxımdan, AB-nin monitorinq missiyasının Ermənistanda olması Tehranda müəyyən ehtiyatlılığa səbəb olub”.
Onun sözlərinə görə, iranlıları narahat edən əsas məsələ indiki formada və vəziyyətdə olan missiya deyil, onun Qərbin Ermənistanda tamhüquqlu hərbi mövcudluğu üçün zəmin ola biləcəyi faktıdır.