Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər.
Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib:
“Azərbaycan vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün konsul və vitse-konsul hava limanına göndərilib. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar”, - səfirlikdən bildiriblər.
Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir.
13:23
“Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur”.
Bu sözləri Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.
“Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, - N.Sarkisyan bildirib.
Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə bu gecə Moskvada saxlanılıb.
Mənbə: News.am
12:20
Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.
Məlumata görə, o, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.
Kamil Zeynallının məhkəməsi sabah keçiriləcək.
Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.
11:24
“Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb”.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.
Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb.
Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.
Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib.