BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 28 fevral – 1 aprel 2022-ci il tarixlərində keçirilmiş 49-cu sessiyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin yazılı bəyanatı yayılıb.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, bəyanatda İHŞ-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində oynadığı mühüm rol təqdir edilir, BMT Nizamnaməsi və beynəlxalq hüquqa uyğun olaraq BMT-nin bütün üzv dövlətləri tərəfindən insan hüquqları və əsas azadlıqlarının müdafiəsi sahəsində öhdəliklərinin yerinə yetirilməsinin vacibliyi vurğulanır.
Bəyanatda yoxsulluğun aradan qaldırılması, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, bütün ölkələrin COVID-19 virusuna qarşı peyvəndlərə ədalətli çıxışı, qida hüququ, əlilliyi olan şəxslərin bərabər əsasda bütün insan hüquqları və əsas azadlıqlarının tam şəkildə təmin olunması, məcburi köçkünlərin problemlərinin davamlı həlli, o cümlədən onların könüllü əsasda təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması və pozulmuş insan hüquqlarının bərpası, sağlam ətraf mühitdə yaşamaq hüququ kimi məsələlər yer alır.
Burada, həmçinin, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və əlaqəli dözümsüzlük hallarının bütün formaları şiddətlə qınanılır və bütün ölkələr tərəfindən sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üçün səy göstərməsinin vacibliyinə diqqət çəkilir, terrorizm və zorakı ekstremizm aktları nəticəsində insan hüquqları və əsas azadlıqlarının kobud şəkildə pozulmasından narahatlıq ifadə edilir və bu cür aktların bütün forma və təzahürləri qınanılır.
Bəyanatda məsələləri siyasiləşdirmədən, ikili standartlara və selektiv yanaşmaya yol vermədən İHŞ-nin effektiv fəaliyyəti üçün bütün ölkələr və geniş beynəlxalq ictimaiyyət tərəfindən dəstək göstərilməsinə dair çağırış edilir.
Qeyd olunan yazılı bəyanatın İHŞ-yə təqdim edilməsi, BMT-nin yüksək səviyyəli siyasi tədbirləri çərçivəsində QH Gənclər Şəbəkəsinin ilk fəaliyyətidir.
Məlumat üçün qeyd edək ki, Qoşulmama Hərəkatının üzv olan dövlətlərin gənclər təşkilatları və gənc fəallarını özündə birləşdirən Gənclər Şəbəkəsinin əsası Azərbaycanın QH-yə sədrliyi çərçivəsində, 4-5 oktyabr 2021-ci il tarixlərində keçirilmiş təsis iclası ilə qoyulub. 60 illik tarixə malik olan Qoşulmama Hərəkatının gənclər qurumunun yaradılması əlamətdar bir hadisə olub.